29.05.2019
Gəncə şəhər MKS-nin Uşaq şöbəsində böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi ilə əlaqədar olaraq “Əbədiyyət üfüqlərində doğmuş eşq günəşi-İmadəddin Nəsimi” başlığı altında şeir gecəsi keçirildi.
Tədbiri giriş sözü ilə şöbənin müdiri Ellada Rəhimova açaraq iştirakçıları salamladı, tədbirin məqsədi və məramı, 2019-cu ilin Azərbaycanda “Nəsimi” ili elan olunması haqqında ətraflı məlumat verdi.
Şeir gecəsində iştirak edən Gəncə şəhər 42 №-li tam orta məktəbin ədəbiyyat müəlliməsi Əliyeva Rahilə şairin həyat və yaradıcılığından söhbət açdı. Qeyd etdi ki, humanist şair insan ləyaqətini alçaldan, onun mənəvi azadığını buxovlayan feodal dünyasına qarşı hər zaman alovlu etiraz etmiş, yüksək idealları və məfkurəsi yolunda mübarizə aparmış, dinsizlikdə günahlandırılaraq, dara çəkilib, edam olunanda belə öz mübarizliyindən və haqq yolundan dönməmişdir.
Tədbirdə şairin həyatı və yaradıcılığından bəhs edən “Nəsimi dünyası” adlı video-çarx nümayiş olundu. Şagirdlər İmadəddin Nəsiminin “Məndə siğar iki cahan”, “Hardasan”, “Yanaram”, “Mən mülkü cahan” və s. qəzəllərindən parçalar söylədilər. Sonda şagirdlər şairin həyat və yaradıcılığını əks etdirən geniş kitab sərgisi ilə tanış oldular. Şeir gecəsində Gəncə şəhər 42 №-li tam orta məktəbin bir qrup müəllim və VII sinif şagirdləri iştirak etdilər.