30.05.2019
30 may 2019-cu il tarixdə Gəncə şəhər Heydər Əliyev Mərkəzi Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16№-li kitabxana filialı ilə birlikdə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar “Bir ovuc təbəssüm, bir ovuc işıq” mövzusunda intellektual oyun keçirdi.
Tədbirdə 32 №-li orta məktəbin 5-6-7-8-ci sinif şagirdləri iştirak etdilər. Tədbirin keçirilməsində məqsəd uşaqların intellektual səviyyəsinin, dünyagörüşünün, zehni inkişafının stimullaşdırılması idi.
Tədbiri mərkəzin direktor əvəzi İlknur İsgəndərova açaraq, iştirakçıları salamladı və bayram münasibətilə uşaqları təbrik etdi. O, qeyd etdi ki, Azərbaycan uşaqlarına qayğı həmişə diqqət mərkəzində olub və Azərbaycanın sabahının qayğısına qalan Ulu Öndər Heydər Əliyev məmnunluqla uşaqların bayram tədbirində iştirak edib. Prezident İlham Əliyevin sərəncamı ilə 2009-cu ilin “Uşaq ili” elan edilməsi də bu sahəyə diqqətin bariz nümunəsidir.
Oyunda 3 komanda iştirak edirdi və oyun iki mərhələdən ibarət idi.
Mərkəzin əməkdaşı Sevinc Əhmədova komandalara hər mərhələdə 15 sual səsləndirdi. Yarışda qalib olan komandalara hədiyyələr təqdim olundu.
Tədbir boyu şagirdlərin söylədikləri şeirlər, ifa etdikləri mahnı və rəqslər tədbirin gedişini daha da rəngləndirdi.
Kitabxananın müdiri Lyudmila Axundova müəllim və şagirdlərə kollektiv adından öz təşəkkürünü bildirdi. Mərkəzin direktor əvəzi İlknur İsgəndərova 32 №-li orta məktəbə və təlim-tərbiyə işləri üzrə direktor müavini Lalə Daşdəmirovaya mərkəzdə keçirilən tədbirlərdə fəal iştiraklarına görə təşəkkürnamə təqdim etdi.
Sonda şagirdlərlə xatirə şəkli çəkildi.