01.06.2019
Gəncə MKS-nin Uşaq şöbəsində 01 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə “Dünyanı verək uşaqlara” başlığı altında səhərcik keçirildi. Tədbiri şöbənin müdiri Ellada Rəhimova açaraq uşaqları bayram münasibətilə təbrik etdi, onlara gələcəkdə vətənə layiq vətəndaş olmağı, sağlam və firavan həyat arzuladı. Bayram tədbirinin bədii hissəsi uşaqların ifasında sözləri uşaq yazıçısı Gülzar İbrahimovaya aid olan “Sülh nəğməsi” ilə başladı. Böyük coşqu və sevinclə davam edən səhərcikdə məktəblilər vətənə, anaya, sülhə aid şeirlər söylədilər, mahnılar oxudular. Xoş musiqi sədaları altında ifa edilən müxtəlif rəqs nömrələri tədbir iştirakçılarına xoş anlar yaşatdı. “Qoy həmişə günəş olsun, qoy həmişə anam olsun, mən də olum həmişə” kompozisiyası tədbiri daha da maraqlı etdi. Sonda iştirakçılara kiçik bayram hədiyyələri təqdim olundu. Uğurlu keçən bayram tədbirindən uşaqlar xoş-əhval ruhiyyə ilə ayrıldılar. Tədbirdə kitabxananın oxucuları və Gəncə şəhər İ.Məmmədov adına 27 saylı məktəb-liseyin IV sinif şagirdlıəri iştirak etdilər.