07.05.2019
Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı kitabxana filialında, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Kitab insanın əvəzsiz sərvətidir” adlı "Oxu bayramı" keçirildi.
Tədbiri Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Bəxətiyar Muradov açdı və bütün iştirakçıları salamladı, “Oxu bayramı” münasibəti ilə onları təbrik etdi.
Mədəniyyət işçilərinin, tələbə-gənclərin, orta məktəb şagirdlərinin, müharibə və əmək veteranlarının, şair və yazıçıların, şəhər ictimaiətinin və digər nümayəndələrinin iştirak etdiyi “Oxu bayramı”nda 1000 nüsxədən artıq müxtəlif mövzularda kitablardan ibarət sərgi nümayiş etdirildi.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyi Gəncə Bölməsinin sədri Xəzangül Hüseynova, Nizami rayon Veteranlar Şurasının sədri, Böyük Vətən müharibəsi iştirakçısı Tofiq Hüseynov, teatrşünas-jurnalist Anar Bürcəliyev, Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor müavini Fəridə Qədimova və başqaları çıxış edərək “Oxu bayramı”nın keçirilməsindən, kitabın insan həyatında böyük rolundan danışdılar.
“Oxu bayramı”nda şəhər Təhsil İdarəsinin 4, 5, 19, 24, 25, 32 saylı orta məktəblərinin şagirdlərinin ifasında şeirlər səsləndirildi, ədəbi-bədii kompozisiyalar təqdim olundu.
Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin “Gəncə qönçələri” rəqs qrupu, 4 nömrəli Uşaq Musiqi Məktəbinin “Fidanlar” muğam qrupu, 1 nömrəli Uşaq Musiqi Məktəbinin musiqi qrupu rəngarəng mahnı və rəqslər ifa etdilər.
Tədbirin sonunda Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Elmira Əliyeva bütün iştirakçılara öz minnətdarlığını bildirdi, tədbirə fəallıq göstərən məktəblərə ən fəal oxucalara “Təşəkkürnamə”lər təqdim etdi.