Goranboy rayon Mədəniyyət Mərkəzi və Mərkəzi Kitabxananın təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Goranboy rayonunun dörd şəhid Milli Qəhrəmanları, Hacıyev Fikrət Əli oğlu, Ocaqverdiyev Sərxan Surxay oğlu, Aslanov Niyazi Şərəfxan oğlunun və Əliyev Yunis Əsgər oğlunun xatirəsinə həsr olunmuş anım günü keçirildi.
Tədbiri rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Elçin Cahangirov açdı. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Elçin Cahangirov Qarabağ döyüşlərindən, Azərbaycan oğullarının bu döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan və sücaətlərindən danışaraq həmin döyüşlərdə həlak olmuş Goranboylu Milli Qəhrəmanların xatirəsinin əbədi olacağını söylədi.
Tədbirdə Milli Qəhrəmanların ailə üzvləri iştirak edirdi. Elçin Cahangirov sözü onlara verdi. Niyazi Aslanovun xanımı ərinin göstərdiyi şücaətlərdən danışdı. Prezident İlham Əliyevin onun ailəsinə göstərdiyi qayğını yüksək qiymətləndirdi və öz minnətdarlığını bildirdi.
Fikrət Hacıyevin qardaşı Ədalət Hacıyev çıxış edərək onun qardaşına göstərdiyi diqqətə görə rayon İcra Hakimiyyətinə təşəkkürünü bildirdi.
Sərxan Ocaqverdiyevin Gülnaz Ocaqverdiyeva anası oğlunun vətən və torpaq üçün şəhid olmasından qürurla danışdı. O, bütün şəhidlərə uca Tanrıdan rəhmət dilədi.
Sonda tədbir iştirakçıları Azərbaycan oğullarının qəhrəmanlığına həsr olunmuş video-kadrlara baxdılar. Tədbirdə mədəniyyət müəssisələrinin əməkdaşları, rayon hərbi komissarlığının nümayəndələri, Çernobıl Əlliləri Cəmiyyətinin üzvləri iştirak edirdi.