01.05.2019
Xocalı rayon mədəniyyət evində Xocalı rayon İcra Hakimiyyətinin dəstəyi və Xocalı rayon Mədəniyyət evinin birgə təşkilatçılığı ilə şair Allahyar Xocalının "Bizdən qeyrət umur Vətən" adlı yeni kitabının təqdimatı keçirildi.
Təqdimatda Xocalı rayon İcra Hakimiyyətinin Başçısının müavini Lamiə Qarayeva, "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin sədri Şamil Sabiroğlu, Gəncə Regional Mədəniyyət İdarəsinin Xocalı rayon üzrə nümayəndəsi Ruslan Bəşirov, digər idarə, müəssisə rəhbərləri və işçiləri iştirak edirdilər.
İlk olaraq şair Allahyar Xocalının kitablarından ibarət sərgiyə baxış keçirildi. Sonra "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin sədri Şamil Sabiroğlu çıxış edərək Allahyar müəllimin şair kimi xidmətlərindən danışdı. O, bildirdi ki, Allahyar Xocalının şeirləri qarabağlılar, xüsusilə xocalılar tərəfindən sevilə-sevilə oxunur. Şamil Sabiroğlu Allahyar Xocalını "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyi adından Dağlıq Qarabağın mədəniyyət abidələrini, təbiətini əks etdirən suvinirlə təbrik etdi.
Sonra Allahyar Xocalının yaxın dostu Şükür Bəşirov çıxış etdi. Şükür Bəşirov Allahyar Xocalının şair, müəllim, jurnalist kimi geniş fəaliyyətindən danışdı. O, qeyd etdi ki, Allahyar bəy "Xocalının səsi" qəzetində də şöbə müdiri kimi çalışmış, öz qələmilə xidmətini əsirgəməmişdir.
Xocalı rayon İcra Hakimiyyəti Başçısının müavini Lamiə Qarayeva Allahyar müəllimi Xocalı rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahmar Usubovun adından təbrik etdi, ona uzun ömür, can sağlığı, gözəl günlər arzuladı, Xocalının ictimai-siyasi fəaliyyətindəki xidmətlərinə, gördüyü misilsiz işlərə görə minnətdarlığını bildirdi. O, Allahyar bəyin növbəti kitab təqdimatının Xocalıda olacağına ümidvar olduğunu qeyd etdi.
Xocalı şəhər 4 nömrəli tam orta məktəbinin şagirdləri Allahyar müəllimin sonuncu kitabından bir neçə şeiri səsləndirdilər. Daha sonra çıxış edən Allahyar Xocalı bu tədbirin hazırlanmasında göstərdiyi xidmətlərə görə Xocalı rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahmar Usubova və Xocalı rayon Mədəniyyət evinin kollektivinə minnətdarlığını bildirdi.
Tədbir sonda Xocalı şəhər 1 və 3 nömrəli Uşaq musiqi məktəbinin birgə hazırladığı konsert proqramı ilə yekunlaşdı.