15.04.2019
Gəncə şəhərində fəaliyyət göstərən “Urban” Mərkəzində Azərbaycanda alman irsinin izlərinə və memarlığına həsr edilən “Germanaijan” sərgisi keçirilib. Sərgidə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Almaniyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrab və şəhər ictimaiyyəti iştirak edib.
Sərgidə çıxış edən səfir Mixael Kindsqrab bildirib ki, sərgi Qafqaza köçən almanların əzmkarlığını, dözümlülüyünü və yaradıcılığını özündə əks etdirir. “Bu sərgi alman memarlığına həsr olunub. 200 il bundan öncə alman mühacirləri Azəbaycana gəliblər. Onların tarixi Gəncə və ətraf bölgələrin ərazisində başlayıb. İlk alman qəsəbələri, məntəqələri məhz burada yaranıb. Bu sərgi bizim bərabər olan keçmişimizi nümayiş etdirir. Sərgi çərçivəsində bu suala cavab axtarılır: kimdir bu insanlar və onlar müasir Azərbaycana nəyi miras qoyublar?”, - deyə səfir qeyd edib.
"Germanaijan" sərgisinin kuratoru Əsli Səmədovanın sözlərinə görə, sərgi alman icmasının bugünkü Azərbaycana təsirini göstərmək üçün düşünülüb. O bildirib ki, sərginin ərsəyə gəlməsi üçün Siemens Tarixi İnstitutu, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi və ayrı-ayrı şəxslər böyük dəstək veriblər. “Göstərdikləri dəstək və verdikləri töhfə ən maraqlı və həyəcanverici hekayələrin işıqlandırmasına əvəzsiz kömək olub. Sərgidə multimedia rəssamı Çinarə Məcidovanın əl işləri yer alır. O öz əsərlərilə Azərbaycanın şimal rayonları və Bakının memarlıq landşaftında alman izlərini sənədləşdirib. Sərgi britaniyalı yazıçı və fotoqraf Tomas Marsdenin sərhədləri aşan layihəsini də təqdim edir. Tomas Marsden alman köçkünlərinin və onlardan sonra gələn nəsillərin həyat hekayələrini araşdırır”, - deyə Əsli Səmədova bildirib.
"Germanaijan" memarlıq mövzusunu xüsusi diqqət mərkəzində saxlayır. Sərginin mərkəzi əsəri Bakının siluetində alman izlərininin əhəmiyyətini qrafik vizuallaşdıran xəritədir. Kağız modellər isə seçilmiş binalar haqqında daha ətraflı məlumatlar verirlər.
Qeyd edək ki, sərgi Cənubi Qafqazda alman yaşayış məntəqələrinin salınmasının 200 illik yubileyi çərçivəsində təşkil olunub. Sərgi Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyi tərəfindən, Almaniyanın Xarici İşlər Nazirliyinin “Mədəni irsin qorunması proqramı”, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Goethe-Zentrum Bakının dəstəyi ilə baş tutub.