13.04.2019
Prezident İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində yaradılan Bədii Şurasının üzvləri Gəncədə səfər ediblər. Məqsəd tamaşaçıların rəylərini yerində öyrənmək, onların irad və təkliflərini dinləməkdir.
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutan görüşdə Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, Xalq artisti Ceyran Mahmudova, Əməkdar mədəniyyət işçisi Fəxriyyə Xələfova, Xalq artisti Mübariz Tağıyev, Xalq artisti Ramiz Quliyev, Xalq artisti Mənsum İbrahimov, Xalq artisti Fidan Hacıyeva, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu iştirak ediblər.
Görüşdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova bildirib ki, televiziya daim inkişaf etməli, günün tələblərinə cavab verməlidir: “Tarixi ənənələrə malik Azərbaycan Televiziyası da günü-gündən inkişaf edir, forma və məzmun baxımından yeni verilişləri tamaşaçılara təqdim etməyə çalışır və edir də. Tamaşaçıların rəy və təkliflərini öyrənmək məqsədi ilə Bədii Şuranın üzvlərinin Gəncəyə səfər etmələri, izləyicilərlə görüşmələri olduqca təqdirəlayiqdir. Belə görüşlərin keçirilməsi çox əhəmiyyətlidir”.
Respublikanın Xalq artisti Siyavuş Kərimi tamaşaçıları salamlayaraq, səfərlərinin məqsədindən söz açıb: “Səfərimizin əsas məqsədi Azərbaycan televiziya məkanındakı mövcud vəziyyəti tamaşaçılarla müzakirə etmək, onların fikirlərini öyrənmək, təkliflərini dinləməkdir. Bu gün Azərbaycan teleməkanında olan vəziyyət hamıya məlumdur və düşünürəm ki, bu hər birimizi narahat edir və etməlidir. Sözsüz ki, biz bütün televiziyalara təsir edə bilmərik, lakin onlar üçün bir nümunəyə çevrilə bilərik. Bu işdə də bizə siz tamaşaçıların köməyi və dəstəyi vacibdir”.
Xalq artisti Mənsum İbrahimovun sözlərinə görə Bədii Şuranın ilk səfərinin Gəncəyə olması heç də təsadüfi deyil: “Gəncə Qərb bölgəsində bir mərkəz rolunu oynayır. Biz istədik ki, bütün yaş təbəqələrindən olan insanlarla görüşək, onlarla səmimi şəkildə söhbət edək, tələbələrin, ziyalıların fikirlərini alaq. Tamaşaçıların hansı tip verilişlərə ehtiyac duyduğunu elə tamaşaçıların özlərindən öyrənək. Bizim hədəfimiz, bu gün dünya teleməkanının ən sərt tələblərinə cavab verən, gözəl verilişlərin hazırlanmasıdır”.
Görüşdə tamaşaçıların fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb. İzləyiçilər zalda quraşdırılan mikrofonlar vasitəsi ilə öz irad və təkliflərini Bədii Şuranın üzvlərinə çatdırıblar. Tamaşaçılar “AzTv”-nin efirində müxtəlif sahələri əhatə edən maarifləndirici verilişlər görmək istədiklərini bildiriblər. Gənc istedadların televiziya müsabiqələri vasitəsi ilə üzə çıxarılması, mütaliyyəyə olan mararağı artırmaq məqsədi ilə silsilə verilişlərin hazırlanması kimi təkliflər irəli sürülüb. Hazırlanan verilişlərin həm gənc, həm orta, həm də yaşlı nəslin nümayəndələrinin zövqünü oxşayacağına inam ifadə olunub.
Görüşdə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində yaradılan Bədii Şurasının üzvlərinin iştirakı ilə konsert proqramı da təşkil olunub.