Samux rayon Heydər Əliyev Mərkəzində “Aprel Fərmanı” adlı filmin təqdimatı keçirildi. 01-04 Aprel 2016-cı il tarixində şəhidlərimizin əziz xatirələrini yad etmək həmçinin Samuxun Aprel şəhidi Fərman Əsədlinin xatirəsini əbədiləşdirmək məqsədilə Samux rayon Heydər Əliyev Mərkəzinin “Aranfilm” Yaradıcılıq Mərkəzi ilə birgə əməkdaşlığı quruldu. Uzun çəkən zəhmətin nəticəsi olaraq ərsəyə gələn xronometrajı 46 dəqiqə olan “Aprel Fərmanı” adlı sənədli filmin çəkilişlərinə 2019-cu ilin Fevral ayından başlanğıc verildi. Rejissoru Tahir Əliyev, Aydan Əhmədova, ssenaristi Yasəmən Quliyeva olan filmin ilk təqdimatı Samux Rayon Heydər Əlyev Mərkəzində baş tutdu.
Tədbiri giriş sözü ilə açan Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova 01-04 Aprel 2016-cı il tarixinin Azərbaycan tarixinə şanlı səhifə olaraq yazılması və Qarabağa qayıdışın təməli olmasını vurğuladı. Bu şanlı tarixi öz qanları, canları bahasına qazanan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla qeyd edildi. Çıxışdan sonra film ilk dəfə ictimaiyyətə təqdim edildi. Zalda böyük həyəcanla və duyğulu anlarla izlənən film sonda tamaşaçılar tərəfindən ayaq üstə uzun müddətli alqışa layiq görüldü.
Filmin izlənməsindən sonra ilk söz şəhidin atası keçmiş hərbçi Elçin Əsədova verildi. O öz çıxışını “oğul Vətən üçündür” sözləri ilə açaraq vurğuladı ki, I Qarabağ savaşı zamanı əllərimlə evlərə onlarla şəhid daşımışam mənim oğlum da həmin oğullardan biridir. Sonda bütün əsgərlərimizə ulu Tanrıdan rəhmət dilədi.
“Aranfilm” Yaradıcılıq Mərkəzinin və filmin rejissoru olan Aydan xanım Əhmədova da filmin çəkilməsi ilə bağlı fikirlərini bölüşdü. Bütün şəhidlərimizin xalqımızın hər bir nümayəndəsi üçün nə qədər dəyərli olduğunu vurğuladı.
Aprel savaşlarının bilavasitə iştirakçısı, Fərmanın şəhid olmasının canlı şahidi olmuş mayor Rəhimovun xatirələri, ordumuzun rəşadətindən bəhs etməsi nə qədər qürürverici olsa da şəhidlərimizə görə kövrək anlar yaşatdı. O, həmin 4 günlük müharibədə xalqla ordunun bir bütöv olmasından və buna misal olaraq da şəhid Fərman Əsədlidən danışdı. Sonda ordumuza qələbə şəhidlərimizə rəhmət dilədi.
Çıxışlar bitdikdən sonra 22.01.2019-cu il tarixində Samux rayon Heydər Əliyev Mərkəzinin facebook səhifəsindən 01-04 Aprel 2016-cı il şəhidlərimizin əziz xatirələrini yad etmək həmçinin Samuxun Aprel şəhidi Fərman Əsədlinin xatirəsini əbədiləşdirmək məqsədilə verilmiş “Aprel zirvəsi” adlı ssenari müsabiqəsinin qalibləri elan olundu.
Qaliblər Samux rayon Heydər Əliyev Mərkəzinin diplomları ilə təltif olundular. Həmçinin etdikləri əməkdaşlığa görə Samux rayon Heydər Əliyev Mərkəzi adından “Aranfilm” Yaradıcılıq Mərkəzinə “Təşəkkürnamə” təqdim edildi.