Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər

“İpək Yolu” XV Beynəlxalq Musiqi Festivalı çərçivəsində ziyalılarla görüş keçirilib

03.07.2026

Azərbaycan Bəstəkarlar İttifaqının və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə keçirilən “İpək Yolu” XV Beynəlxalq Musiqi Festivalı çərçivəsində Mir Cəlal Paşayev Ev Muzeyində ziyalılarla görüş keçirilib.

Görüşdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki baş konsulu Recep Öztop, festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Nail Məmmədov, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru, Xalq artisti Aygün Səmədzadə və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Mir Cəlal Paşayev Ev Muzeyində nümayiş olunan eksponatlarla tanış olublar. Çıxışlarda “İpək Yolu” XV Beynəlxalq Musiqi Festivalının mədəniyyətlərarası dialoqun inkişafına, milli musiqi irsinin təbliğinə və beynəlxalq mədəni əməkdaşlığın genişlənməsinə verdiyi töhfədən bəhs olunub.

Görüş bədii hissə ilə davam edib, gənc ifaçıların təqdimatında musiqi nömrələri səsləndirilib.

Qeyd edək ki, “İpək Yolu” XV Beynəlxalq Musiqi Festivalı iyulun 3-dək müxtəlif məkanlarda konsert proqramları və mədəni tədbirlərlə davam edəcək.