26.04.2025
Bu gün Gəncə şəhərində Əməkdar elm xadimi, yazıçı-alim Mir Cəlal Paşayevin anadan olmasının 117-ci ildönümü münasibətilə yaradıcılıq gecəsi keçirilib. Tədbir Milli Aviasiya Akademiyasının (MAA) təşkilatçılığı ilə, Mir Cəlal Paşayevin adını daşıyan ev muzeyində baş tutub.
Yaradıcılıq gecəsində şəhər rəsmiləri, ictimai xadimlər və tələbələr iştirak ediblər. Tədbirin açılışında çıxış edən MAA-nın birinci prorektoru, professor Ədalət Səmədov, akademik Arif Paşayevin salamlarını tədbir iştirakçılarına çatdıraraq, Mir Cəlal Paşayevin zəngin irsindən danışıb. O qeyd edib ki, Mir Cəlalın çoxşaxəli yaradıcılığı nəinki müasirlərinə, həm də gələcək nəsillərə örnəkdir.
Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək, Mir Cəlal Paşayevin sovet ideologiyası dövründə milli dəyərlərin qorunmasında, gənc nəslin savadlı və vətənpərvər ruhda yetişdirilməsindəki xidmətlərindən bəhs edib.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, AMEA-nın müxbir üzvü, Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov, xalq şairi Nəriman Həsənzadə və başqaları da çıxış edərək Mir Cəlal Paşayevin həyat və fəaliyyətindən söz açıblar. Nəriman Həsənzadə, həmçinin öz müəllimi haqqında xatirələrini bölüşüb.
MAA-nın rektor köməkçisi, dosent Gülnarə Əhmədova çıxışında vurğulayıb ki, zaman keçsə də, Mir Cəlal Paşayevin həm elmi, həm də insani irsi xalqın qəlbində yaşayır.
Sonda Milli Aviasiya Akademiyası tələbələrinin hazırladığı şeir nümunələri səsləndirilib, bədii kompozisiyalar nümayiş etdirilib və Mir Cəlal Paşayevin, eləcə də onun dövrünün görkəmli ədiblərinin əsərləri təqdim olunub.