
23.01.2026
Gəncə Dövlət Filarmoniyasının səhnəsində parlaq musiqi gecəsi yaşandı. Konsert Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə nazirliyin nəzdində fəaliyyət göstərən bədii kollektivlərin ölkənin müxtəlif bölgələrinə ilk genişmiqyaslı qastrol səfərləri çərçivəsində keçirilib.
Qastrol səfərlərinin əsas məqsədi milli musiqi dəyərlərinin qorunması və bölgə tamaşaçılarına yüksək səviyyəli musiqi nümunələrinin təqdim olunmasıdır.
Azərbaycan Respublikasının Əməkdar artisti, dirijor Əyyub Quliyevin rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri konsert proqramı ilə çıxış etdi.
Gecədə çıxış edən solistlər — Əməkdar artist Nərgiz Kərimova (soprano), Rəfiqə Quluzadə (piano), Səid Məmmədov (violin) və Səxavət Məmmədov (tar) öz ustalıqları, emosional təqdimatları və səhnə mədəniyyətləri ilə dinləyiciləri valeh etdilər.
Konsert proqramı klassik dünya musiqisinin inciləri ilə Azərbaycan bəstəkarlarının möhtəşəm əsərlərini ahəngdar şəkildə birləşdirirdi.
Dinləyicilərin uzun sürən gur alqışları nəticəsində orkestr bis olaraq Aqşin Əlizadə “Cəngi” və Johannes Brahmsın 1 nömrəli “Macar rəqsi”ni ifa etdi.