
17.07.2026
İyulun 16-da Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən Gəncə şəhər Nizami Gəncəvi Muzeyində “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim keçirilib.
Təlimin əsas məqsədi muzey əməkdaşlarının fövqəladə hallar, xüsusilə yanğın zamanı düzgün davranış vərdişlərinin artırılması, təxliyə qaydaları barədə məlumatlandırılması və bu kimi obyektlərdə mümkün yanğın hadisələri zamanı aidiyyəti qurumların fəaliyyətinin təkmilləşdirilməsi olub.
Təlimin nəzəri hissəsində iştirakçılara fövqəladə hallar və yanğın zamanı təhlükəsizlik qaydaları, ilkin davranış tədbirləri, təxliyənin təşkili və digər vacib məqamlar barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Daha sonra keçirilən praktiki məşğələdə şərti yanğın vəziyyəti yaradılıb. “Həyəcan” siqnalının verilməsindən sonra Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə operativ şəkildə cəlb olunaraq yanğının söndürülməsi üzrə tədbirlər həyata keçiriblər. Təxliyə planına uyğun olaraq muzey əməkdaşlarının təhlükəsiz əraziyə çıxarılması təmin edilib, şərti xəsarət alan şəxslərə ilkin yardım göstərilib və şərti yanğın qısa müddətdə ləğv olunub.
Təlimə ümumilikdə 20 nəfərdən ibarət şəxsi heyət və 4 ədəd texnika cəlb edilib.
Qeyd edək ki, bu cür maarifləndirici tədbirlərin keçirilməsi mədəniyyət müəssisələrində təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə, əməkdaşların fövqəladə hallara hazırlıq səviyyəsinin artırılmasına mühüm töhfə verir.